Bakıda mənzildən 76 yaşlı qadının meyiti tapılıb
Bakıda mənzildən meyit tapılıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, bina 30, mənzil 56 ünvanında vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermir. Bundan narahat olan yaxınları hər hansı bir bədbəxt hadisənin baş verdiyini ehtimal edərək kömək üçün xilasedicilərə müraciət ediblər.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərənin dəmir barmaqlıqlarını kəsərək daxil olublar. Onlar mənzilə baxış keçirərkən vətəndaşı huşsuz vəziyyətdə aşkar edərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı S.Talıbovanın vəfat etdiyi müəyyən edilib. 76 yaşlı qadının meyiti hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib.