Binəqədidə "Mitsubishi" aşdı, 31 yaşlı sürücü öldü
Ötən gecə Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 31 yaşlı Allahverdi Qəzənfər oğlu Əsgərov "Mitsubishi" markalı nəqliyat vasitəsi ilə Sulutəpə qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən Xocahəsən dairəsində qəflətən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi dairəyə çırpılıb. Zərbə güclü olduğundan, maşın bir neçə dəfə yuvarlanaraq yolun digər istiqamətinə düşüb. Qəza nəticəsində sürücü Allahverdi Əsgərov hadisə yerində ölüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anotomiya Birliyinə göndərilib.
Qəzaya uğrayan avtomobil isə evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
Hadisə yerində müayinə aparan Yol Patrul Xidməti əməkdaşlarının gəldikləri ilkin qənaətə görə, qəza yüksək surət və havanın dumanlı olması səbəbindən baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.