“Tufandağ”da şagirdlər üçün dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə başlanıb
Azərbaycanda ilk dəfə olaraq, Qəbələ rayonundakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində dağ-xizək idman növü üzrə ödənişsiz təlimlərə start verilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, kompleksin direktoru Əvəz Nəbiyev bildirib ki, orta məktəb şagirdlərinin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün kompleksdə hər cür şərait yaradılıb.
Onun sözlərinə görə, bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər. Türkiyədən dəvət olunmuş təlimçilər kompleksin yeni xizəkçilik məktəbində yeniyetmə qız və oğlanlara 50 dəqiqə ərzində buz üstə xizəklə düz sürüşməyi, sağa və ya sola dönməyi və dayanmağı öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilir.
Şagirdlərin böyük marağına səbəb olan təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam etdiriləcək. Ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən təlimləri kompleksə dəvət olunmuş Türkiyənin 6 və Azərbaycanın 2 peşəkar təlimçisi həyata keçirir. Təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkil olunması və onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur.
Həmçinin kompleks tərəfindən fevralın 10-u və 20-də KİV nümayəndələri üçün dağ-xizək idmanı üzrə ödənişsiz olaraq təlimlərin təşkili, onların kanat, hotel və restoran xidmətlərindən pulsuz bəhrələnməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulur.
Əvəz Nəbiyev qeyd edib ki, bölgədə ən çox turist qəbul edən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tikintisində işlərin birinci mərhələsi başa çatdırılıb və hazırda ikinci mərhələ üzrə inşaat işləri görülür Onun sözlərinə görə, ötən ilin yanvarında prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən kompleksin 4 kanat xəttindən 3-də və 10 xizək yolundan 5-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb.
Direktorun sözlərinə görə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən bir il ərzində 140 min nəfər yerli və xarici qonaq bəhrələnib: “Qış turizminin inkişafına təkan verən bu kompleksdə yeni xizək mövsümü başlayandan bəri artıq Bakıdan, respublikanın müxtəlif şəhər və rayonlarından, xarici ölkələrdən 10 minə yaxın xizək həvəskarı Qəbələyə gəlib. Hazırda müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil edilir. Turistlər əvvəlcə kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edir, xatirə şəkli çəkdirirlər". Turistlər bir nəfər üçün 10 manat ödəməklə kompleksin 3 kanat yolu ilə dağlarda 5 kilometr məsafə qət edə bilirlər. Onlar 1660 metr hündürlüyə qalxaraq dağın zirvəsindəki kafe və restoran xidmətlərindən də bəhrələnmək imkanı əldə edirlər. Xizəkdən yarım gün istifadə etmək üçün isə turistlər 20 manat ödəməli olurlar. Hazırda xizək trassasında 5 sürüşmə zolağı turistlərin istifadəsinə verilib. Ötən qış mövsümündə isə cəmi bir sürüşmə zolağından istifadə olunurdu.