İŞİD-dən daha bir vəhşilik: girov diri-diri yandırıldı

"İraq Şam İslam Dövləti" terror təşkilatı insanlğa sığmayan daha bir addım atıb. APA TV xəbər verir ki, İŞİD üzvləri İordaniya Hərbi Hava Qüvvələrinin girov götürülmüş pilotunu diri-diri yandırıblar.

 

Müəz əl-Kəsasibənin edamının görüntüləri ötən axşam internetdə yayımlanıb. İŞİD üzvləri qəfəsdə olan pilota od vurublar.

 

Müəz əl-Kəsasibə idarə etdiyi təyyarə ötən ilin dekabrında Suriyanın Rəkka şəhəri üzərində qəzaya uğradıqdan sonra girov götürülmüşdü.

 

İordaniya hökuməti görüntülər yayıldıqdan bir qədər sonra pilotun edam edildiyini rəsmən təsdiqləyib. Bu barədə məlumat milli televiziya ilə açıqlanıb.

 

Hadisəyə ilk münasibət bildirən İordaniyanın da iştirak etdiyi beynəlxalq koalisiyaya başçılıq edən ABŞ-ın dövlət başçısı Barak Obama olub. O, pilotun vəhşicəsinə qətlə yetirilməsini İŞİD-in "əxlaqsızlığının və qəddarlığının daha bir sübutu" adlandırıb. Barak Obama bəyan edib ki, bu hadisə beynəlxalq koalisiyanın İŞİD-in məhv edilməsindəki qətiyyəni ikiqat artırmalıdır.

 

İordaniya kralı II Abdullah isə pilotun edamından xəbər tutan kimi ABŞ-a səfərini yarımçıq qoyub və Əmmana qayıdıb. O, bəyan edib ki, İordaniyanın cavabı qətiyyətli, dağıdıcı və şiddətli olacaq. Kral II Abdullahın sözlərinə görə, baş verən hadisə "qorxaq terror aktı"dır və bunun İslam dininə aidiyyatı yoxdur.

 

İordaniya hökuməti ilk cavab addımı kimi terrorçuluqdan ittiham olunan iraqlı Sacidə ər-Rişayi və daha beş nəfərin edam edilməsi barədə qərar qəbul edib. Ölüm cəzasına məhkum edilən qadın terrorçu Sacidə ər-Rişayinin azad edilməsini İŞİD dəfələrlə tələb edib və onun iordaniyalı pilotla dəyişdirilməsi niyyətini açıqlayıb.

 

Pilotun edamından sonra iordaniyalılar küçələrə çıxıblar. Onlar İŞİD-in vəhşiliklərinə son qoyulmasını tələb ediblər. Hiddətlənən vətəndaşlar bir sıra şəhərlərdə iğtuşaşlar törədiblər. Əl Məzar şəhərində bir neçə dövlət binası nümayişçilər tərəfindən mühasirəyə alınıb. 

Müəllif | Apa.Tv
Apa.tv