İordaniyadan İŞİD-ə cavab: 2 terrorçu edam olundu
İordaniya pilotunun edam edilməsinə cavab olaraq, İŞİD-lə əlaqədə günahlandırılan iki terrorçunu edam edib. APA-nın “ İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, İordaniya paytaxtında 2005-ci ildə 60 nəfərin ölümü ilə nəticələnən üç partlayışın törədilməsində ittiham olunan İraq vətəndaşı Səcidə ər-Rişavi barəsində ölüm hökmü yerinə yetirilib.
Həmçinin daha çox "Əbu Hədifə" adı ilə tanınan Ziyad əl-Karbuli edam edilib. Ziyad əl-Karbuli 2007-ci ildə xüsusi xidmət orqanları tərəfindən məhv edilən “əl-Qaidə”nin İraq qolunun rəhbəri Əbu Musab əz-Zərkayinin yaxın silahdaşı olub.
Qeyd edək ki, İordaniya hökuməti İŞİD silahlılarının iordaniyalı pilot Muaz əl-Kasasbehi edam etməsinə cavab olaraq, İŞİD-lə əlaqəsi olan daha 6 terrorçunu edam edəcəyini açıqlayıb.
Xatırladaq ki, İŞİD girovda saxladığı iki Yaponiya vətəndaşını və iordaniyalı pilotu edam etməzdən əvvəl onları azad etmək üçün İordaniyada həbsdə saxlanılan Səcidə ər Rişavinin azadlığa buraxılmasını tələb edirdi.