Səudiyyə Ərəbistanı: “Rusiya Əsədi dəstəkləməsə, neftin qiymətini qaldırarıq”

Rusiya Əsəd rejimini dəstəkləməkdən imtina edərsə, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını azaltmağa və dünya bazarında “qara qızıl”ın qiymətini artırmağa hazırdır. APA TV-nin məlumatına görə, bu barədə “New York Times” qəzeti yazıb. Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanı neft bazarına təsir imkanlarından istifadə edərək Rusiyanın Suriya məsələsində mövqeyini dəyişməyə çalışır. Etibarlı mənbələr qəzetə bildiriblər ki, neftin qiymətinin sürətlə ucuzlaşmasından şoka düşən Rusiya hökuməti artıq özünü toplamağa başlayıb və Səudiyyə Ərəbistanı dünya neft bazarında hakim mövqeyindən istifadə edərək Moskvanı Əsədə dəstəkdən imtina etməyə çağırır. Adları açıqlanmayan səudiyyəli nazirlər bildiriblər ki, ölkə neft hasilatını nəzərəçarpacaq dərəcədə azalda, bununla da neftin bahalaşmasına təsir göstərə bilər. Lakin bunun üçün Moskva Əsəd rejiminə maliyyə, siyasi və hərbi dəstək verməkdən imtina etməlidir. Xatırladaq ki, Suriyada 4 ildir davam edən vətəndaş müharibəsində ən azı 200 min nəfər ölüb. Əsədə bağlı qüvvələrlə qanunsuz hərbi birləşmələr arasında toqquşmalar davam edir. Suriya hökumət qüvvələrinə qarşı ən irimiqyaslı əməliyyatlar keçirən tərəf İŞİD terror təşkilatıdır.

Müəllif | Apa.Tv
Apa.tv