Aydın Əliyev Rusiya Federal Gömrük Xidmətinin rəisini qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Federal Gömrük Xidmətinin rəisi Andrey Belyaninovu qəbul edib. APA TV-nin xəbərinə görə, görüşdən öncə nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və  Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra hər iki ölkənin nümayəndə heyəti arasında görüş keçirilib. Aydın Əliyev Azərbaycan və Rusiyanın gömrük sahəsində əməkdaşlığının qədim tarixə malik olduğunu vurğulayıb. Komitə sədri iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

 

Andey Belyaninov Rusiyanın regional əməkdaşlığa böyük önəm verdiyini bildirib və qonşu ölkələrlə daha da sıx əməkdaşlıq etmək istədiklərini açıqlayıb. O bildirib ki, bəzi sərhədyanı gömrük məntəqələrində infrastrukturun inkişaf etməməsi hər iki tərəfi narahat etməlidir.

 

Görüşün sonunda 3 sənəd imzalanıb. Aydın Əliyev deyib ki, bunlar 2015-2016-cı illər üçün Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti arasında da qarşılıqlı xidmət haqqında, Statistik məlumatlarının informasiya mübadiləsinin texnoloji sxemi barədə və kadrların peşəkar hazırlanması barədə sənədlərdir.

 

Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərindəki körpünün vəziyyətinin Azərbaycan Dövlət Gömrük Komitəsini narahat etdiyini deyən Aydın Əliyev bildirib ki, bununla bağlı Azərbaycan tərəfi artıq öz təkliflərini verib. Gələcəkdə körpünün təmiri və ya yenidən inşası zərurəti yaranıb.

 

Aydın Əliyev əlavə edib ki, Rusiya ilə sərhəddə gələcəkdə yeni gömrük-keçid məntəqələrinin açılması nəzərdə tutulmur.

 

Müəllif | Apa.Tv