DGK sədri: "Elektron ticarət bütün dünyada problem yaradır"
"Dövlət Gömrük Komitəsi Azərbaycanda elektron ticarət sahəsində güzəştli idxalın maksimal məbləğinin 1000 ABŞ dollarından aşağı salınması məsələsini aidiyyəti qurumlarla müzakirə edir".
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Aydın Əliyevin sözlərinə görə, 1000 dollarlıq güzəşt yalnız şəxsi istifadə üçün ölkəyə gətirilən məhsullara şamil edilir: "Hazırda müxtəlif adlara və müxtəlif ünvanlara guya şəxsi istifadə üçün məhsullar alınır. Bu, hazırda dünya gömrük orqanları qarşısında duran bir məsələdir. Elektron ticarət bütün dünyada problem yaradır. Buna görə də müzakirələr gedir və həmin güzəştin azaldılması nəzərdə tutulur".
Azərbaycana qonşu ölkələrdən müvəqqəti olaraq, köhnə avtomobillərin gətirildiyini, bəzi hallarda burada ehtiyat hissələrinin çıxarılaraq, satıldığını deyən komitə rəisi hesab edir ki, belə hallar yalnız Gürcüstandan gətirilən avtomobillərə aid deyil.
Bu səbəbdən artıq bir neçə aydır, qurum qonşu ölkələrdən bu cür avtomobillərin gətirilməsi üçün ölkə daxilində zamindurma tələbi irəli sürüb. Qonşu ölkələrdən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə ölkə daxilində kimsə zamin durmalıdır, etibarnamə almalıdır ki, bu maşınlar ehtiyyat hissələr halına gətirilməyəcək.
Aydın Əliyev deyib ki, "Euro-4" standartına cavab verməyən maşınlar müvəqqəti idxal rejimində ölkəyə gətirildikdən sonra etibarnamə ilə kiməsə satılmayacaq.