Prezident İlham Əliyev Polad Bülbüloğluna "Şöhrət" ordeni təqdim edib
Fevralın 4-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.
Dövlət başçısı 10 il əvvəl tanınmış sənətçinin “İstiqlal”, indi isə “Şərəf” ordeni ilə təltif etdiyini bildirib. “Polad Bülbüloğlunun yaradıcılığı öz ilhamını çox qədim köklərə malik xalq yaradıcılığından götürür”, - deyən prezident İlham Əliyev yubilyarın görkəmli ifaçı kimi yaddaşlarda qalan Bülbülün ailəsində dünyaya göz açdığını vurğulayıb, onun mahnılarının sevildiyini söyləyib.
Dövlət başçısı ümumilikdə Azərbaycanda tolerantlığa və multikulturalizmə xüsusi diqqət yetirildiyini və bu amillərin ölkənin uğurlu inkişafındakı rolunu vurğulayıb.
Prezident İlham Əliyev Polad Bülbüloğluna Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Şərəf” ordenini təqdim edib.
Sonra SSRİ xalq artisti İosif Kobzon, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın əməkdar artisti Bari Alibasov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, SSRİ xalq artisti Lyudmila Rümina, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev çıxış ediblər.