Mahsun Kırmızıgül Hacı Zeynalabdin Tağıyev haqqında film çəkmək istəyir
Bakıda məşhur türk müğənni Mahsun Kırmızıgülün rejissorluq etdiyi “Möcüzə” filminin təqdimatı keçirilib. APA TV-nin məlumatına görə, Mahsun Kırmızıgül "Möcüzə" filminin 80-ci illərdə Türkiyədə baş vermiş real hadisələr əsasında çəkildiyini bildirib və əlavə edib ki, müəyyən səbəblərə görə baş verənləri filmdə 60-cı illərə daşıyıb. Filmin real qəhrəmanlarının hazırda İstanbulda yaşadığını deyən Mahsun Kırmızıgül aktyor oyunlarını da çox bəyəndiyini qeyd edib.
Mahsun Kırmızıgül Azərbaycanda milyonçu Hacı Zeynalabdin Tağıyev haqqında film çəkmək arzusunu da dilə gətirib.
Qeyd edək ki, ölkədəki çevrilişin insanların həyatına necə təsir etməsini göstərən "Möcüzə" filmi, Egey bölgəsindən Anadoluya sürgün edilən bir müəllimin həyatından bəhs edir. Ekran əsərində rolları Mahsun Kırmızıgül, Tələt Bulud, Mərt Turak, Səda Tosun, Maral Çətinqaya, Əli Sürməli oynayır. 136 dəqiqəlik filmin ümumi büdcəsi 5 milyon dollardır.