ABŞ: “Rusiya razılaşmaları yerinə yetirsə, bəzi sanksiyaları ləğv edə bilərik”

“Ukraynanın şərqində münaqişənin hərbi həll variantı mövcud deyil”. APA TV-nin məlumatına görə, bu bəyanatla ABŞ-ın vitse-prezidenti Cozef Bayden Avropaya səfəri ərəfəsində çıxış edib. Bayden bildirib ki, Birləşmiş Ştatlar ilk əvvəldən münaqişənin eskalasiyasında maraqlı olmayıb, əksinə konfliktin dayandırılmasını istəyib: “Rusiyanın Ukrayna siyasətinin əvəzi kimi nəzərdə tutulan cəzalar sərtləşdirilə bilər. Əgər Rusiya Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirsə, bu ölkəyə tətbiq olunan bəzi sanksiyaların qaldırılması mümkündür”. Cozef Bayden Ukraynaya silah yardımı göstərilməsi variantını istisna edib.

ABŞ vitse-prezidentinin Avropaya səfəri çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü də nəzərdə tutulub. Poroşenko görüşdən əvvəl Qərb mətbuatına verdiyi açıqlamada NATO ölkələrini Ukraynaya silah yardımı göstərməyə çağırıb. Baydenin ardınca Böyük Britaniyanın sabiq xarici işlər naziri Uilyam Heyq də Ukraynaya hərbi yardımı göstərilməsinin mümkünsüz olduğunu deyib. O qeyd edib ki, Britaniya Ukraynaya yönəlik siyasətində dəyişiklik etməyi planlaşdırmır. Wall Street Journall jurnalı Avropa Birliyi ölkələrində Ukraynaya hərbi yardım məsələsinin ciddi müzakirə olunduğunu yazıb. Lakin müzakirələrin davam etdiyi son üç gündə heç bir ölkə Ukraynaya belə bir yardım göstərəcəyini açıqlamayıb.

Müəllif | Apa.Tv
Apa.tv