Erməni və bolqar klublarının oyununda kütləvi dava olub, futbolçular ağır yaralanıb
Türkiyənin Antalya şəhərində Bolqarıstan "Levski"si ilə Ermənistanın "Uliss" komandaları arasında keçirilən futbol matçı 61-ci dəqiqədə başa çatıb. Vesti.az-ın məlumatına görə, buna səbəb oyunçular və klub rəsmiləri arasında başlayan kütləvi dava olub. "Levski" klubundan verilən açıqlamaya görə, rəqib matçın ilk dəqiqələrindən həddindən artıq kobud oyun nümayiş etdirib və bolqar futbolçulara idmançıya yaraşmayan təhrikedici hərəkətlərlə təsir etməyə çalışıblar. Oyununun hesabın 2:1 ermənilərin xeyrinə olan dəqiqələrində "Uliss"in müdafiəçisi bolqar hücumçuya qarşı olduqca kobud oynayıb. Bu isə meydanda futbolçuların mübahisəsinə səbəb olub. Az sonra isə oyunçulara klub rəsmiləri də qoşulublar. Kütləvi davada bir neçə futbolçu ciddi xəsarət alıb. "Levski"nin baş direktoru Georgi İvanov-Qonzo komandanın oyunçularının meydandan çıxmasına göstəriş verib və matç yarımçıq qalıb.