Əli Həsənov: "Azərbaycan dövləti gənclərin təkliflərini strategiyaya çevirir"

"Bu gün yürüdülən gənclər siyasətinin ümummilli lider Heydər Əliyev tərəfindən əsasının qoyulmasından bizi 20 il ayırır. 1995-ci ildə ilk Gənclər Forumu keçirilib və gənclər siyasətinin təməli qoyulub, 1997-ci ildə isə 2 Fevral - Gənclər günü elan edilib".

APA TV-nin xəbərinə görə, bunu bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın “2015-2025-ci illərdə  Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na həsr olunmuş iclasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Əli Həsənov ötən dövrdə Gənclər Fondu tərəfindən 1865 layihəyə dəstək verildiyini, 608 gənclər təşkilatının, 1197 fərdi gəncin layihəsinə maliyyə ayrıldığını deyib: “Yaxın vaxtlarda gənclər mərkəzlərinin sayı 50-ni keçəcək. Bu gün iclasında iştirak etdiyimiz İctimai Şuranın toplantısı göstərir ki, dövlətimiz gənclər siyasətini bilavasitə gənclərin iştirakı ilə formalaşdırılır. Azərbaycan dövləti həm gənc nəslə etibar edir, qayğıları ilə məşğul olur, həm də gənclərin təkliflərini strategiyalara çevirir. Prezident dəfələrlə bəyan edib ki, siyasətimiz vətəndaşlara xidmət, onların problemlərinin həlli üzərində qurulub. Bu siyasətin mərkəzində insan amili durursa, bunun da əsasında gənclər dayanır. Heç bir Azərbaycan vətəndaşı demir ki, valideynləri, dostları üçün yaşayır, deyir ki, övladları üçün yaşayır. Dövlətin gənclər siyasəti də bu əsasda qurulub”.

 

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Strategiyada qarşıya qoyulan 32 vəzifəni təkcə Gənclər və İdman Nazirliyi deyil, digər nazirliklər və gənclər təşkilatları da yerinə yetirməlidir: "Strategiya 10 il sonrakı Azərbaycanın gənc vətəndaşlarını təsvir edir. İlk növbədə diqqət çəkmək istəyirəm ki, Strategiya “dövlət gənclər siyasətinin inkişaf strategiyası” deyil, “Azərbaycan gənclərinin inkişaf strategiyası”dır. Strategiyanın həyata keçirilməsi ilə bağlı ildə ən azı bir dəfə dövlət başçısına məlumat verilməlidir. Strategiya təşəbbüskar və məsuliyyətli gənclərin yetişməsi istiqamətində mühüm yol göstərir".

 

Azərbaycan prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, Azərbaycanda heç bir peşə bayramı Gənclər Günü kimi qeyd edilmir. O, Strategiyanın həyata keçirilməsi istiqamətində təkliflərlə çıxış edib. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov kəndlərdə yaşayan gənclərə ev tikintisi üçün ipoteka kreditlərinin verilməsini təklif edib. 

Müəllif | Apa.Tv
Almaz Qasımova