Türkiyəli nazir: ""Türk axını" TANAP-a rəqib deyil"

""Türk axını" layihəsi Trans-Anadolu Qaz Kəmərinə (TANAP) rəqib yox, qardaş ola bilər".

 APA TV-nin xəbərinə görə, bunu Bakıda keçirilən mətbuat konfransında Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi deyib: ""Türk axını" layihəsi TANAP-a rəqib deyil. Bu layihə TANAP-a qardaş kimi birləşib onu daha da gücləndirə bilər. Hər iki layihənin Türkiyədən keçməsi onların hər ikisini güclü və daha önəmli edir. "Türk axını" layihəsindən bütün tərəflər istər enerji təhlükəsizliyi, istər davamlılıq, istərsə də maliyyə baxımından qazanacaq".

  

Türkiyə Azərbaycana ixrac olunan kənd təsərrüfatı məhsullarının gömrük rüsumundan azad edilməsini təklif edir, deyən Nihad Zeybekçi onu da bildirib ki, Türkiyə Azərbaycanla əmtəə dövriyyəsinin 15 milyard dollara çatdırılmasında maraqlıdır:  "Türkiyə Aİ-nin Gömrük İttifaqı ilə razılaşmaya malikdir, lakin həmin razılaşmaya yüngül sənaye malları daxildir. Biz artıq Aİ-yə kənd təsərrüfatı məhsulları ilə bağlı müvafiq sazişin imzalanmasını təklif etmişik. Bununla yanaşı, biz Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünün də gömrük rüsumundan azad edilməsi haqqında saziş imzalamağa hazırıq".

 

Nazir qeyd edib ki, əgər imzalanarsa, bu saziş seçilmiş mallara da şamil ediləcək.

 

Müəllif | Apa.Tv