Poroşenko, Olland və Merkel Minsk sazişinin müddəalarını müzakirə ediblər

Ukrayna prezidenti Petro Poroşenko, onun fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel Minsk sazişinin müddəalarının həyata keçirilməsi üçün addımları müzakirə ediblər. APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna XİN rəhbəri Pavel Klimkin bildirib. Onun sözərinə görə, Minsk sazişinin ayrı-ayrı müddəaları yox, sənədin bütünlüklə həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Almaniya kanslerinin dəftərxanasından isə bildirilib ki, Merkel və Olland bu gün Moskvada keçiriləcək görüşdə Minsk sazişinin 12 müddəasının hamısını müzakirə etmək niyyətindədirlər.

 

Ukrayna prezidenti administrasiyasının rəhbərinin müavini Valeri Çalıy da Minsk sazişinin həyata keçirilməsi ilə bağlı konkret təkliflərin müzakirə olunduğunu bildirib: “Biz Minsk sazişindən imtina edə bilmərik, çünki orada bizi narahat edən məsələlər öz əksini tapıb. Biz memorandumda müəyyən olunmuş təmas xəttinə çıxmalı, silahların tədarükünə son qoymalı, sərhədi bağlamalı və atəşi dayandırmalıyıq”.

 

Qeyd edək ki, Poroşenko, Olland və Merkel arasında görüşdən əvvəl ABŞ-ın dövlət katibi Con Kerri də Kiyevdə olub. O, Ukrayna prezidenti ilə danışıqlardan sonra bəyan edib ki, Ukraynadakı münaqişə dinc yolla həll olunmalıdır. Bununla belə, Kerri bildirib ki, Rusiyadan Ukraynaya doğru irəliləyən və sərhədi keçən tanklara da göz yuma bilməzlər.

 

Müəllif | Apa.Tv