Lənkəranda 23 yaşlı oğlan sosial şəbəkədə söyüşə görə bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 23 yaşlı Elmar Şamil oğlu Quliyev naməlum şəraitdə bıçaqlanıb. Kürək nahiyəsindən və qarın boşluğundan 3 bıçaq zərbəsi alan yaralı  ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş Elmar Quliyevin vəziyyəti ağır olaraq qalmaqdadır.

 

Zərərçəkənin yaxınları  isə hadisənin hansı zəmində baş verməsindən xəbərsiz olduqlarını bildiriblər.

 

Faktla bağlı hələlik heç kim saxlanılmayıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları  hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.

 

İlkin məlumata görə, Elmar Quliyev sosial şəbəkədə kimlərinsə ünvanına söyüş söyməsi səbəbindən bıçaqlanıb.

 

Müəllif | Apa.Tv