Yeni Müharibə Hesabatında Azərbaycan torpaqlarının işğal edilməsi bir daha təsdiqlənib

Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2014-cü ilin dekabrında təqdimatı keçirilmiş yeni Müharibə Hesabatı geniş ictimaiyyət üçün açıqlanıb.

 

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən APA-ya daxil olan məlumatda bildirilir ki, hesabat Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu və Cenevrə Universitetinin birgə mərkəzi olan Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanıb və “Oxford” Universitetinin nəşriyyat evində çap edilib. Sənəddə 2013-cü ildə 26 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 39 silahlı münaqişə barəsində məlumat verilir. Hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və hərbi təcavüzün davam etməsi faktı birmənalı şəkildə yenidən təsdiqlənir, münaqişə tərəflərinin yalnız Ermənistan və Azərbaycan olduğu vurğulanır. Hesabatın 44-48-ci səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal edildiyi bildirilir, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılır. Sənədin sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı” adlanır.

Müəllif | Apa.Tv
Apa.tv