Lənkəranda “VAZ-2107” bir ailəni vurdu: 8 yaşlı qız öldü, valideynləri ağır vəziyyətdədir

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Şıxəkəran kəndi ərazisində qeydə alınıb. Masallı rayonunun Mololon kənd sakini, 1989-cu il təvəllüdlü Saleh Rzayev idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə piyadalar - bir ailənin üzvü olan kənd sakinləri, 1976-cı il təvəllüdlü Oruc Rəhimovu, onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Elnarə Rəhimovanı və onların 2007-ci il təvəllüdlü qızları Tünzalə Rəhimovanı vurub. Güclü zərbədən 8 yaşlı Tünzalə Rəhimova hadisə yerində keçinib. Oruc Rəhimovla Elnarə Rəhimova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan hər iki yaralıya müvafiq tibbi yardım göstərilib, bununla belə vəziyyətləri ağırdır. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub. Faktla bağlıaraşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv