Sərhədi pozan 25 nəfər saxlanılıb

Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 25 nəfər saxlanılıb. Bu barədə APA TV-yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

 

Saxlanılanların 12 nəfəri Azərbaycan, 5-i Özbəkistan, 2-si İran, 2-si Türkiyə, 2-si Tacikistan və 2-si Şri-Lanka vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 11 halda 17 nəfər, Xəzər dənizində 4  halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

 

Axtarışda olan 222 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. 17 halda 15,242 kq narkotikin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

Cəlilabad rayonunun Dələli kənd ərazisindəki zastavanın xidməti sahəsində əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində 4 kq 100 qram tiryək aşkarlanıb. Cəlilabadda Masallı rayon sakinləri - 1973-cü il təvəllüdlü Cəbrayılov Ehtiram Vətən oğlu və onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Cəbrayılova Aynurə Tahir qızı “VAZ-2106” markalı avtomobildə saxlanılıb. Avtomobildən 3,5 kq tiryək götürülüb. “Yalama” sərhəd nəzarət məntəqəsində Astara rayon sakini, 1986-cı il təvəllüdlü Hüseynov Tural Rəhman oğlundan 6 kq həşiş qatranı aşkarlanıb.

 

Ay ərzində “Biləsuvar” sərhəd nəzarət məntəqəsində 5 halda 903 qram, “Astara” sərhəd nəzarət məntəqəsində 6 halda 653 qram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

 

66 halda ümumi dəyəri təqribən 734 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd “F-1”əl qumbarası, 1 ədəd tüfəng, 1 ədəd  pnev­matik tapança, 1 ədəd travmatık tapança, travmatık tapança üçün 65 ədəd patron və 1 ədəd daraq, 10 ədəd 7,62 mm-lik patron, 67 kq barıt, 1 kq qırma, 10 ədəd 16 mm-lik giliz, 1 ədəd beşbarmaq, 2 ədəd elektro­keyləşdirici, 420.800 ABŞ dolları, 250 qram qızıl-zinət əşyaları, digər ərzaq və sənaye malları saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv