Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: "İxtisarlar təbii haldır"

"Ümumiyyətlə, ixtisarlar təbii haldır. İşəgötürən öz struktur dəyişikliyi, islahatlar nəticəsində müəyyən ixtisarlar aparır, yeni iş yerləri açır. Amma bunun kütləvi hal almağını biz müşahidə etmirik".

 

APA TV-nin məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin  (DƏMX) rəisi Fuad Əlizadə jurnalistlərə açıqlamasında son günlər bəzi müəssisələrdə aparılan islahatlara münasibət bildirərkən  deyib. Onun sözlərinə görə, xidmət bu prosesləri diqqətdə saxlayır: "Dövlət Neft Şirkətində, "Azəriqaz" QSC-da islahatlar gedir və bu, struktur dəyişikliyidir. Yeni iş yerləri də açılır və iş yerləri ixtisar olunur. İşəgötürən bir ay əvvəldən işçiyə bu ştatın ixtisar olunacağı barədə xəbər verməli, onu vakansiya ilə  təmin etməlidir. Vakansiya yoxdursa onun son kompensasiyası ödənilməlidir".

 

“Təhlükəsiz iş ongünlüyü”ndən danışan xidmət rəisi bildirib ki,  bu müddətdə əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün ümumilikdə 21 müəssisədə dövlət nəzarəti həyata keçirilib: “Dövlət nəzarəti nəticəsində ayrı-ayrı müəssisələrə əməyin mühafizəsi sahəsində yol verdikləri hüquq pozuntularına görə ümumilikdə 39800 manat məbləğində cərimələr tətbiq olunub. Tikinti sektorunda 3 müəssisədə  işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurması səbəbindən həmin müəssisələrdə işlər əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanlar aradan qaldırılana qədər dayandırılıb".    

 

Fuad Əlizadə qarşıdakı dövrdə də işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının diqqətdə saxlanacağını bildirib.

 

Müəllif | Apa.Tv