Komitə sədri: "Azərbaycanın müstəqilliyini təhdid edən qüvvələr var"

"Azərbaycanın müstəqilliyini müxtəlif amillərlə təhdid edən qüvvələr var. Bu gün Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət kimlərisə qane etmir və onlar müxtəlif yollarla Azərbaycana təzyiq göstərməyə cəhd edirlər".

 

APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" adlı konfransda bildirib: "Ailədə ailədən kənar şəxsiyyət yoxdur. Hətta insan doğulduğu andan belə ailəsində deyil, uşaq evinə verilsə belə, o yeri öz ailəsi və evi bilir. Deməli, bizim vətəndaşın formalaşmasında ailənin müstəsna rolu var. Ailədən sonra məktəb gəlir ki, burda da ailə tərbiyəsinin böyük rolu olur".

 

Milli Məclis sədrinin müavini Bahar Muradova cəmiyyətdə qanunlarla yanaşı, milli-mənəvi dəyərlərimiz də mühüm rol oynadığını deyib: "Cəmiyyətdə insanlar yanlış çağırışların arxasınca getməməlidirlər. Çağırışların hamısı heç də mütərəqqi olmur. Bəzi hallarda hətta mürtəce çağırışlar olur. Bizi təhdid edən çağırışlar ölkədə sabitliyin pozulmasına yönələ bilər və biz bunun şahidi oluruq. Biz ailədə yalnız şəriətə və dini qanunlara istinad etməli deyilik. Biz dünyəvi ölkədə yaşayan insanlar kimi bu məsələlərə milli-mənəvi dəyərlər gözündən baxmalıyıq".

 

Daha sonra millət vəkili Məlahət Həsənova, millət vəkili Musa Quliyev , “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanmasında milli və dini dəyərlərin rolu mövzusunda çıxış ediblər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı