İŞİD daha 3 nəfəri diri-diri yandırdı

İŞİD terrorçuları üç iraqlını casusluğa görə diri-diri yandırıb. Edam İraqın Anbar vilayətində həyata keçirilib.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular casusluqda günahlandırılan şəxsləri camaatın gözü qarşısında diri-diri yandırıblar.

 

Edam edilənlər İraqın təhlükəsizlik qüvvələrinə qruplaşmaya dair məlumatların ötürülməsində təqsirli biliniblər.

 

Fevralın 3-də İŞİD əsir götürdüyü iordaniyalı pilot Muat əl Kəsasbehin edam səhnəsini əks etdirən kadrlar yaymışdı. İnternetdə yerləşdirilmiş video çarxda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnəsi əks olunmuşdu.

 

Bu arada, İraq və Suriyada beynəlxalq koalisiya hərbi təyyarələri terrorçuların mövqelərinə zərbələr endirib. Nəticədə Suriya ərazisində  30-dan çox İŞİD terrorçusu məhv edilib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hava zərbələri Rakka şəhərinin şərq və qərb hissələri yaxınlığına endirilib.

 

Bundan əvvəl isə İŞİD terrorçularının mövqelərinə 18 hava zərbəsi endirilməsi barədə məlumat yayılmışdı.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı