Azərbaycan prezidenti: "Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək"

“Enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır”.

 

APA TV-nın xəbərinə görə, bunu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusundakı enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezident bildirib ki, Azərbaycan yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır. Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir: “Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb. “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək”.

 

Prezident bildirib ki, bu il fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurası keçiriləcək: “Biz bu layihədə iştirak edən bütün ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb. Həmçinin layihənin sonrakı mərhələlərində Balkan ölkələrindən tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalanıb. Beləliklə, bizə əlaqələndirmə və Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından bürokratik prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, “Şahdəniz-2” layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq”.

 

Ölkə başçısı qeyd edib ki, hazırda neftin bir barelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir: “Bu layihə də həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır. Beləliklə, böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də “Cənub” qaz dəhlizi layihəsinin üzvü olmayan, lakin Nabukko layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik. Məsələn, əvvəlcə Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə etdik. Çünki bu ölkə Yunanıstan-Bolqarıstan və ya Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərə bilər. Beləliklə, Bolqarıstanla müqavilə artıq imzalanıb. Bu isə o deməkdir ki, Nabukko komandasının bir üzvü artıq TAP-ın üzvüdür. Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha uzaqlara apara bilərik. Belə ki, Azərbaycan qazının həcmi kifayət qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyükmiqyaslı layihə olacaq”.

 

Prezident bildirib ki, işlər qrafik üzrə gedir, tikintiyə başlanıb, borular sifariş olunub, podratçılar seçilib.

 

Müəllif | Apa.Tv