Son illərin dəbi: pirsinqin fəsadlarından necə qorunmaq olar?

Son illər "gözəllik ondursa, 9-u bəzənməkdir" deyib, müxtəlif cərrahi əməliyyatlar, epilyasiya etdirənlər və pirsinqə üz tutanların sayı getdikcə artır. İnsanların dəblə ayaqlaşması, daha gözəl görünməsi üçün istifadə etdikləri pirsinqlər cəmiyyətdə birmənalı qəbul olunmasa da, gənclər bu bəzəkdən imtina etmirlər. Əksinə, gün keçdikcə pirsinqə meyl edənlərin sayı artır. 

 

Məlumat üçün deyək ki, pirsinq ənənəsi bir neçə min il öncə qədim Misirdə yaranıb. O zaman Firona məxsus qadınlar digər qadınlardan pirsinqlə fərqlənirdi.

 

İndi isə qulağında, yanağında, dilində, qarnında dəmir parçalarını gəzdirən insanlarla tez-tez qarşılaşmaq mümkündür. Bu dəmir parçaları insanın dərisini və ətini deşərək, sırğa kimi bədənə keçirilir. Əzabına baxmayaraq, çox insanın vaz keçilməz, dəyərli aksessuarına çevrilən pirsinq əslində böyük təhlükə mənbəyi də ola bilər.

 

Qulaq deşilməsi qədər təbii qəbul edilən pirsinq zamanı səhvə yol verdikdə çox ağır fəsadlar yaranar. 

 

Məsələn, qulaq deşilərkən oradakı sinirlər zədələnə bilər ki, bu da ciddi xəstəliklərə yol açar. Pirsinq yoluxucu virusların yayılması üçün də daha əlverişli vasitədir.

 

Pirsinq necə edilir?

 

Bunu sizə əyani şəkildə göstərmək istədik, əməkdaşımız Almaz Qasımova ilə birlikdə salona yollandıq. Almaz hansısa xəstəliyə yoluxmaqdan və kəskin ağrıdan çəkindiyi üçün indiyədək qulaqlarını deşdirməyib.

 

Həkim kosmetoloq Nəzrin Celqamlı APA TV-yə deyib ki, pirsinq prosedurası zamanı bir neçə şərtə əməl etmək vacibdir. Əvvəla, xanımlar mütləq bu sahəni bilən həkimə, mütəxəssisə etibar etməlidirlər. İkinci vacib şərt pirsinqi hara etdirəcəklərinə tam əmin olmalarıdır: "Gigiyenik qaydalara düzgün əmək edilmədikdə ciddi fəsadlara yol açr. İlk növbədə iltihabi prosses gedə bilər. Hepatit virusu əsasən qanla yoluxan bir xəstəlikdir. Pirsinq etdirən xanımlar mütləq bu prosedurdan öncə həmin nahiyənin dezinfeksiya edildiyinə diqqət yetirməlidir. Həmin xanım bizə gələndə ondan hər hansı xəstəliyinin, xüsusilə şəkər xəstəliyinin oub-olmamasını soruşuruq".

 

Pirsinqlərin düzgün seçilməsi də vacibdir. Müxtəlif metallara allergiyası olan insanlar pirsinq seçərkən diqqətli olmalı, gözəlliyi və qiymətinin ucuzluğuna aldanmamalıdır. Əks halda keyfiyyətsiz dəmir parçaları insanları sağlamlığından edə bilər: "Pirsinqdən sonra xanımlar bir neçə əsas vacib şərtə əməl etməlidirlər. Birinci növbədə özlərini soyuqdan qorumalıdırlar, çünki soyuq iltihaba səbəb olar. Bundan əlavə pirsinqdən sonra 24 saat ərzində pirsinq olunan nahiyəyə su vurmaq olmaz ".

 

Azərbaycan Tibb Universiteti qulaq, burun və boğaz xəstəlikləri kafedrasının dosenti Cabbar Cəlilov isə qulağın deşilməsini sadə bir əməliyyat hesab etmir: "Qulağın səhv deşilməsi insan orqanizminin bir sıra üzvlərini zədələyər. Həmin nöqtələr Çin təbabətinə uyğun olaraq daha aydın göstərilir. Bundan başqa bir də əsas diqqət yetirilməli məqam həmin qulağa hansı metalı taxmaqdır. Taxılan metal orqanizmə mənfi təsir etməməlidir. Bu zaman dəri tamlığını poza bilər və infeksiya keçərsə o zaman qulaq seyvanlarında iltihabi problem yarana bilər".

 

Qulağın üst qisminin, yəni qığırdağın deşilməsinə xüsusi diqqət yetirilməsi lazım olduğunu deyən həkim bildirir ki, qulaq qığırdaqda qırılma baş versə, qulaq sallanar. İki yerdən deşiləcəksə, bu, ən az 1 il arayla olmalıdır. Nəzərə alınmalıdır ki, qulaqdan açılan hər deşik sonrası taxılan sırğalar ağırlıq edərsə, qulaqda deformasiyalara gətirib çıxara bilər.

 

Müəllif | Apa.Tv