Müdafiə naziri cəbhəboyu zonada tikilən hərbi hissənin açılışında

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, yeni tikilmiş və müasir avadanlıqla tam təchiz edilmiş hərbi hissənin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin (MN) rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni istifadəyə verilmiş qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlər ilə tanış olublar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

 

APA TV-nin MN-nin saytına istinadən xəbərinə görə, nazir bildirib ki, 2014-cü ildə bu istiqamətdə görülən işlər bu il də davam etdiriləcək. İl ərzində hər ay yeni hərbi şəhərciklər istifadəyə veriləcək.


Silahlı Qüvvələrin şəxsi heyəti də dövlət rəhbərliyi tərəfindən göstərilən bu etimadı doğrultmalı, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüş hazırlığını daim artırmalıdır.


"Keçirilən irimiqyaslı təlimlər ordumuzun gücünü və qüdrətini bir daha nümayiş etdirir. Təlimlərə cəlb olunan döyüş texnikası, aviasiya, raket-artilleriya qurğuları və digər vasitələrin istifadəsi ilə yanaşı, ən əsası şəxsi heyətin ruh yüksəkliyini, vətənpərvərlik əzmini, Azərbaycan əsgərinin peşəkarlığını və hazırlığını xüsusi qeyd etmək istərdim. 


Son dövrlərdə düşmənə vurulan zərbələr işğalçıları qorxuya salıb, o, vahimə içindədir. Ermənistan iflic vəziyyətinə düşərək iqtisadiyyatı çökür, ordusu isə dağılmaq həddindədir. Düşmən anlamalıdır ki, onun yeganə çıxış yolu işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Əks halda, Silahlı Qüvvələrimiz xalqımız və dövlətimiz qarşısındakı müqəddəs vəzifəni - torpaqlarımızın işğaldan azad edilməsi missiyasını yerinə yetirəcək", - deyə müdafiə naziri bildirib.


Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Müəllif | Apa.Tv
Apa.tv