Sərxoş, sənədsiz avtomobil idarə edən sürücülər saxlanıldı - REYD

Dövlət Yol Polisinin əməkdaşları Sabirabadda reydlər keçiriblər. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yol hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən, avtomobillərin konstruksiyalarında dəyişikliklər, həmçinin sərxoş halda avtomobil idarə edib və avtoxuliqanlıq edən sürücülərə qarşı reydlər aparılıb. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkarlamaq olub. Rayonun əsas küçə və prospektlərində təşkil olunan reydlər zamanı sürücülük hüququ olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib. Həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkarlanıb. Reyd zamanı polisin tələblərinə məhəl qoymayan, saxla əmrinə tabe olmayan sürücülərin  avtomobilləri cərimə meydançasına aparılaraq barələrində protokollar tərtib edilib. 100-dən çox avtomobil cərimə meydançasına aparılıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı