Zaqatalada dəhşətli qəza: ikisi qardaş olmaqla 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Zaqatalada baş verən ağır yol qəzasında ikisi qardaş olmaqla 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistiral yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 25 yaşlı İlkin Ömər oğlu Ömərov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Daha sonra avtomobil yolun kənarına aşıb. Ağır qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 3 nəfər - rayonun Yuxarı Tala kənd sakinləri - 22 yaşlı Şamil Məcid oğlu Poladov, 21 yaşlı Camal İsa oğlu Bağmanov və Camal Bağmanovun qardaşı, 20 yaşlı Emin İsa oğlu Bağmanov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü  İlkin  Ömərov və avtomobildə olan daha bir sərnişin, Zaqatala şəhər sakini, 22 yaşlı Fərid Ömər oğlu Səfərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.

 

Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Yaralılardan İlkin Ömərovun vəziyyəti ağır, Fərid Səfərovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov