İŞİD daha 16 nəfəri yandıraraq edam edib
İŞİD terror təşkilatı daha 16 nəfəri yandıraraq edam edib. APA TV-nin xəbərinə görə, İraqın Mosul şəhərindəki səlahiyyətli şəxslərindən olan Muvaffaq Hamid al-Azavinin verdiyi məlumata görə, terrorçular şəhərin El İslah məhəlləsində İŞİD lideri Əbubəkr əl-Bağdadiyə biət etməyən 13 nəfər diri-diri yandırıblar.
Kərbala xəbər agentliyinə danışan al-Azavi, Mosulda bir neçə açıq hava həbsxanası olduğunu deyib. Onun sözlərinə görə, Mosuldakı dəhşətli edamla eyni gündə Hit şəhərində də 3 nəfər yandırılıb. Onlar İraq təhlükəsizlik orqanları ilə əməkdaşlıqda günahlandırılıb.
Qeyd edək ki, İŞİD terrorçuları ötən ilin 24 dekabrından əsir götürdüyü İordaniyalı pilot Muat əl Kəsasbehi fevralın 3-də yandıraraq edam etmişdi. Edamın görüntüləri internetdə yayılmışdı.