Katex postunda avtomobilindən narkotik tapılan sürücü özünü bıçaqladı

Zaqatalada avtomobilindən narkotik tapılan sürücü özünə bıçaqla xəsarət yetirib. Hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonlarının həmsərhədindəki Katex postunda qeydə alınıb. Ötən gün axşam saatlarında postda xidməti vəzifəsində olan polis baş çavuşu Elşən Namazov Balakən-Bakı istiqamətində hərəkətdə olan Bakı sakini, 1986-cı il təvəllüdlü Emil Rafiq oğlu Nəbiyev idarə etdiyi “Daewoo” markalı 10 PV 115 dövlət nömrə nişanlı avtomobili saxlayıb. Sənədlərin yoxlaması zamanı sürücü Emil Nəbiyev özünü şübhəli apardığından polis əməkdaşları maşında axtarış aparmaq qərarına gəliblər. Avtomobildə aparılan axtarış zamanı arxa oturacağın altında polietilen torbada narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanıb. Əraziyə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları da cəlb edilib. Hal şahidlərinin iştirakı ilə avtomobildən 160 qrama yaxın qurudulmuş marixuana götürülüb. Bu zaman cinayətdən yayınmağa çalışan sürücü Emil Nəbiyev üzərində gəzdirdiyi bıçaqla özünün qarın nahiyəsinə xəsarət yetirib. Xəsarət alan Emil Nəbiyev həbs edilərək, polis əməkdaşlarının müşadiəti ilə Zaqatala Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, qarın boşluğunun kəsilmiş və deşilmiş yarası ilə xəstəxanaya daxil olan Emil Nəbiyev cərrahiyə əməliyyatı olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov