Cənubi Qafqaz Boru Kəməri boyunca ASAN və səyyar xidmət - XÜSUSİ REPORTAJ

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") Azərbaycan Respublikası prezidentinin 10 sentyabr 2014-cü il tarixli "Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında" Fərmanın icrası ilə bölgələrdə sənədləşmə işi aparır.

 

APA TV-nin çəkiliş qrupu xidmətin bölgələrdə gördüyü işləri izləyib. Agentliyin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Mehdi Məmmədli həyata keçirilən tədbirlə barədə geniş məlumat verib.

 

Fərman imzalandıqdan dərhal sonra xidmətin avtobusları sənədləşmə işi üçün boru kəmərinin keçəcəyi ərazilərə göndərilib. İşlərə Hacıqabul rayonundan başlanıb. Avtobuslar artıq Şəmkirdədir. Layihəyə əsasən, boru kəmərinin keçəcəyi torpaqların sənədləri vaxt itkisi olmadan hazırlanaraq, sahiblərinə verilir. Səhər saatlarında işə başlayan əməkdaşların bir gününü izlədik. Xidmət əməkdaşları əraziyə gələr-gəlməz sakinlər artıq onları dövrəyə almışdı. Kimi qaydasında olan sənədlərini yoxlatdırır, kimi itmiş sənədlərini yenidən bərpa etdirir, kimi də sadəcə baxmaq üçün gəlib.

 

Layihəyə uyğun olaraq, xidmət əməkdaşları səhər saatlarında əraziyə gələrək burada vətəndaşlarla görüşürlər. Səhər saatlarından vətəndaşlar bura gələrək xidmət əməkdaşları tərəfindən qəbul edilir və onların sənədləri burda yoxlanılır.

 

Sakinlər əlavə xərc və vaxt sərf etmədən elə yerindəcə özlərinə lazım olan sənədlərini əldə edirlər. Vacib olan isə şəffaflığı təmin etməklə bir neçə dövlət qurumu tərəfindən göstərilən xidmətlərin vahid məkandan təqdim edilməsidir.

 

Rayon sakini Şahin Məhərrəmov  deyir ki, sənədlərində heç bir problem yoxdur. Rahat qəbul edib, yola salırlar.

 

Başqa bir rayon sakini Yunus Hacıyevin isə sənədlərində problem var: "Torpağım kəmərin keçdiyi əraziyə düşüb. Görək, nəticə necə olacaq? Mənim itən torpaq sahəm də var. İtən torpağı axtarmağa gəlmişəm. Görüm, yerini tapa biləcəyəmmi?"

 

Bu günə qədər Yunus Hacıyev kimi problemi olan 8 mindən çox vətəndaşın müraciətinə baxılıb, onlara müxtəlif növ xidmətlər göstərilib. Yunis dayının xanımının səhhətində problem olduğu üçün xidmət əməkdaşları ilə evə yollandıq. Özlərinin dediyi kimi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlığın təşkili üçün. Beləliklə, yollandıq Şəmkirin Zəyəm qəsəbəsinə, 78 yaşlı Quşlar Hacıyevanın sənədləşmə işlərini həll etməyə...

 

Əgər vətəndaş səhhəti və yaşı ilə əlaqədar olaraq əraziyə gələ bilmirsə, o zaman xidmət əməkdaşları həmin evə gedərək, sənədləşmə işlərini evdə aparırlar.

 

Növbəti evdə isə ev sahibləri əməlli-başlı işlə məşğul idilər. İsti çörək, pendir... Bu, yorğun xidmət əməkdaşları üçün əsl hədiyyə oldu. Yedik, doyduq. Artıq işə başlamaq olardı.

 

Axşam saatlarıdır. Hər kəs evinə gedir. Xidmət əməkdaşları isə öz avtobuslarına. Bəli, düz eşitdiniz. Çünki onların əsas işi elə bu saatdan sonra bu avtobusda  başlayır.

 

"Axşam saat 7-dir. Xidmət əməkdaşları gün boyu vətəndaşları qəbul edərək lazım olan sənədləri toplayıblar. Axşam saatlarında isə "Səyyar ASAN-2"-yə gələrək, burda sənədlərin qaydaya salınması ilə məşğul olurlar".

 

Burada hər kəsin öz işi var. Müasir texnoloji avadanlıqla təchiz edilmiş avtobuslarda toplanan sənədlər...

 

Deyəsən yorulublar. Təkcə bu gün ərzində 100-dən çox vətəndaş qəbul edib, evlərində olublar. Sabah da belə olacaq. Onlara verilən tapşırıqları vaxtında başa çatdırmaq üçün...

 

Müəllif | Apa.Tv