Prezident “Bakıelektrikşəbəkə”nin yeni yarımstansiyalarının açılışına qatılıb

Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin yeni inşa etdiyi 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” elektrik yarımstansiyalarının və 35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak edib. “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayev “Ağ şəhər-1” yarımstansiyası barədə məlumat verib. Bildirib ki, qapalı tipli bu yarımstansiya “Ağ şəhər” layihəsi üzrə tikilən yaşayış komplekslərinin, “Yeni Bulvar”ın və digər qeyri-yaşayış obyektlərinin elektrik təchizatının təmin edilməsi, eləcə də bu ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub. Açıq tipli yarımstansiyalardan xeyli az yer tutan, funksional baxımdan isə böyük üstünlüklərə malik belə qurğular xüsusilə meqapolislər üçün olduqca əlverişlidir. “Bakıelektrikşəbəkə”nin qəza xidməti və digər xüsusi maşınları da işin operativ yerinə yetirilməsinə hərtərəfli imkan yaradır. Həmin avtomobillərdən I Avropa Oyunlarının keçirilməsi zamanı da geniş istifadə olunacaq. Prezident İlham Əliyevə “Bakıelektrikşəbəkə”nin mövcud, təmirə ehtiyacı olan və tikilməsi vacib sayılan 110 kilovoltluq yarımstansiyaları barədə məlumat verilib. Bildirilib k, 110 kilovoltluq 10 yarımstansiyanın əsaslı şəkildə yenidən qurulmasına və 10 yeni yarımstansiyanın tikintisinə ehtiyac var. Qeyd olunub ki, perspektiv planda “Ağ şəhər” layihəsi üzrə tələb olunan gücün qarşılanması məqsədilə yaxın gələcəkdə 110/35/6 kilovoltluq “Ağ şəhər-2”, “Ağ şəhər-3” və “Ağ şəhər-4" yarımstansiyalarının inşası, eləcə də həmin energetika qurğularının ikidövrəli 110 kilovoltluq kabel xətti vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevə yeni inşa olunan 35 kilovoltluq 7 yarımstansiya barədə də məlumat verilib. Qeyd olunub ki,  bu yarımstansiyalar paytaxt və qəsəbələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə yanaşı, ölkəmizdə beynəlxalq tədbirlərin də yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır, dairəvi təchizat sxeminin etibarlılığını daha da artırır. İlham Əliyevə I Avropa Oyunları obyektlərinin elektrik təchizatı sxemi də nümayiş etdirilib. Qeyd olunub ki, şəbəkə şəffaflıq və operativliyin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Ötən ilin may ayından etibarən əhaliyə “ASAN Xidmət” mərkəzlərində “Bakıelektrikşəbəkə” ilə bağlı bir sıra xidmətlərin göstərilməsinə başlanıb. Sonra dövlət başçısı “Ağ şəhər-1” yarımstansiyasını işə salıb.  Ümumilikdə, “Bakıelektrikşəbəkə”nin fəaliyyətinin bərpa edildiyi 2006-cı ildən bəri şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 105 faiz artıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv