Azərbaycan və Qazaxıstan gömrük orqanları arasında qarşılıqlı fəaliyyət planı imzalanıb

Azərbaycan və Qazaxıstanın gömrük orqanları 2015-2016-cı illər üçün qarşılıqlı fəaliyyət planını əks etdirən sənəd imzalayıb. Sənəd Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri  Daulet Yerqojin tərəfindən imzalanıb.

 

APA TV-nin xəbərinə görə, Daulet Yerqojin bildirib ki, sənədin imzalanmasında əsas məqsəd iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə təkan verməkdir.

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan və Qazaxıstanın gömrük orqanları arasında münasibətlərin gələcək perspektivlərinə diqqət çəkib. O, kinologiya sahəsinin Qazaxıstanda inkişaf etdiyi bildirərək, bu sahədə təcrübədən Azərbaycanın yararlanmasının vacibliyini vurğulayıb.

Daha sonra qonaqların iştirakı ilə BMT-nin İnkişaf Proqramının Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan “Hədəf” Mərkəzinə baxış keçirilib. Bildirilib ki, ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını müşahidə etməyə imkan verir. Müvafiq görüntülər yerlərdə quraşdırılan kameralar vasitəsilə birbaşa mərkəzə ötürülür və buradakı monitorlarla izlənilir. Diqqətə çatdırılıb ki, mərkəz hava nəqliyyatı vasitəsilə daşınan sərnişin və yüklərin dövlət sərhədindən keçirilməsi zamanı gömrük xidmətinin səmərəliliyinin artırılmasına, iqtisadi təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Müşahidə sistemi, eləcə də toplanmış məlumatlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında yaradılmış mərkəzdən idarə olunur.

Bundan başqa sərhəd gömrük buraxılış məntəqələrindən ölkə ərazisinə daxil olan avtomobillərə xüsusi GPS izləmə sistemi ilə nəzarət edilir. Bu sistem vasitəsilə yükün hərəkət marşrutundan kənara çıxmasının qarşısı alınacaq. Mobil gömrük qrupları quraşdırılmış avadanlıqlarla gömrük ərazisində daşınan yüklərə nəzarət edirlər.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı