Gəncədə "Azərpoçt"un inkasatoruna silahlı basqın edilib

“Azərpoçt” MMC-nin Gəncə Regional Poçt filialının sürücüsünə silahlı basqın edilib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Səbuhi Xasayev küçəsində, Regional Poçt filialının 3 saylı şöbəsinin qarşısında baş verib. Şəhər sakini, poçtun əməkdaşı Tofiq Rüstəmov “VAZ 2106” markalı avtomobili ilə poçtun inkasatorunu 3 saylı filialdan pulları götürmək üçün ora aparıb. Avtomobilində inkasatoru gözləyən sürücü qəfildən təxminən 30-35 yaşlarında olan sifəti müəyyən qədər bağlı bir nəfərin basqınına məruz qalıb. Silaha oxşar bir alətlə Tofiq Rüstəmovun baş və sifət nahiyəsinə zərbələr endirən şəxs ondan pulları tələb edib. Avtomobildə pulun olmadığını görən maskalı hadisə yerindən qaçıb. Xəsarət alan Tofiq Rüstəmov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərdikdən sonra evə buraxılıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli