Zaqatalada "Mercedes"lə vurulan at öldü, arabaçı ağır vəziyyətdədir

Zaqatalada avtomobil at arabasını vurub, arabaçı xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 106-cı kilometrliyində, Zaqatala rayonunun Lahıc kəndində baş verib. Balakən rayon Qabaqçöl qəsəbə sakini, 1973-cü il təvəllüdlü Mehman Abdukərim oğlu Qafarov idarə etdiyi “Mercedes” markalı, 99 FV 403 dövlət nömrə nişanlı minik avtomobili ilə at arabasını vurub. İdarəetmədən çıxan avtomobil təxminən 20-30 metr aralıdakı işıq dirəyini kökündən çıxarıb. Qəza nəticəsində sürücü Mehman Qafarov yüngül xəsarət alsa da, at arabasında olan Zaqatala rayon Mosul kənd sakini, 53 yaşlı Nurməhəmməd Əhmədov ağır yaralanıb. Nurməhəmməd  Əhmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) çatdırılıb.

 

Qəza zamanı əzilən at isə tələf olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov