Azərbaycanda vətəndaşlara verilən ünvanlı sosial yardımın müddəti artırılır

"Azərbaycanda dövlət tərəfindən verilən ünvanlı sosial yardımın müddəti artırılacaq. Qanunun 8-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, sosial yardım müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə yox, 2 il müddətinə təyin olunacaq".

 

APA TV-nin məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Komitə sədri Hadi Rəcəbli bildirib ki, təklif olunan dəyişikliyə əsasən müvafiq qanunun 8.1-ci maddəsində "1 il" sözləri "2 il" sözləri ilə əvəz olunacaq: "Burada da əsas məqsəd vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılmasıdır. Bu elektron hökumət sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ardıcıl və sistemli iş aparır. Bu yaxınlarda ünvanlı yardımın ödənilməsi və verilməsi qaydaları üçün yeni bir mexanizm müəyyənləşdirilib. Burda da elektron formada müraciət ediləcək, elektron formada nəzarət həyata keçəcək. Məmur icraçı rolunu oynayacaq. Demək olar ki, məmurun sosial yardımın verilməsində rolu minimuma endiriləcək".

 

Millət vəkili Elmira Axundova qanun layihəsi ilə bağlı xüsusi dinləmələrə ehtiyac olduğunu vurğulayaraq bildirib ki, ünvanlı sosial yardımların verilmə müddəti uzadıldıqdan sonra təkrar insanlara yox, tənhalara , sosial vəziyyəti daha gərgin insanlara diqqət ayrılmalıdır.

 

Bundan başqa, iclasda “Dərman vasitələri haqqında” qanunun 8-ci maddəsinə əlavələr müzakirəyə çıxarılıb. Bildirilib ki, Azərbaycanda dərman vasitələrinə tələb olunan nəzarət markasına görə haqq ödəniləcək və əldə olunan vəsait dövlət büdcəsinə veriləcək. Əlavələrdə bildirilir ki, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək. Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı