“Azərenerji”nin səlahiyyətləri “Azərişıq”a verildi, Balababa Rzayev yeni quruma sədr təyin olundu

Azərbaycan prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb. “APA-Economics”in məlumatına görə, müəyyən edilib ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

 

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görməlidir.

 

Prezidentin digər sərəncamı ilə Balababa Rzayev “Azərişıq” ASC-nin sədri təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv