Lənkəranda yanacaqdoldurma məntəqələrinə basqın edən dəstə ələ keçdi

Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxslər zərərsizləşdirilib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən APA TV-nin cənub bürosuna bildirilib ki, rayonun Yuxarı Nüvədi kənd sakini Elvin Sakit oğlu Mürşidov tanışı Seymur Xeyrulla oğlu Əkbərovla birlikdə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında gecə saatlarında rayonun Parakənd qəsəbəsi ərazisində yerləşən "Teymur Petrol" yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib. Üzlərinə maska taxan hər iki şəxs məntəqənin gözətçisi Ağamoğlan Həsən oğlu Həsənovu tüfənglə hədələyərək zor tətbiq etməklə kassada olan 40 manat pulu mənimsəyiblər. Elvin Mürşüdov və Seymur Əkbərov  daha sonra rayonun Kosalar kəndi ərazisində yerləşən "LEN Petrol" yanacaqdoldurma məntəqəsinə eyni üsulla basqın edərək, məntəqənin operatoru Ramin Şəmsəddin oğlu  Əhmədovun üstünə tüfənglə hücum çəkməklə kassada olan 860 manat pulu ələ keçiriblər. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda təqsirli bilinən Elvin Mürşüdov və Seymur Əkbərov  yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onların istifadə etdikləri tüfəng, maska və mənimsədikləri pulun müəyyən hissəsi maddi sübut kimi götürülüb. Daha sonra üzərilərinə baxış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq müsadirə olunub.  Dindirilmə zamanı hər iki şəxs törətdiyi əməli etiraf edərək bundan peşman olduqlarını bildirib. Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv