Moskvadakı atışmada iki azərbaycanlı avtoritet qətlə yetirilib
Moskvada azərbaycanlıların ölümü ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub. APA TV-nin Vesti.az-ın istinadən məlumatına görə, atışma Moskvadakı “Abşeron” kafesində kriminal aləmdə “Lotu Quli” təxəllüslü Nadir Səlifovun tərəfdarları ilə “Dato Ağcabədinski” ləqəbli ilə tanınan, əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşmalar arasında olub. Atışma zamanı “Dato Ağcabədinski” və onun yaxın adamı olan Şirvan sakini “Natiq Əlibayramlınski” qətlə yetirilib. Tərəflər arasında başlayan davada odlu silahdan istifadə olunub. "Natiq Əlibayramlinski"nin Kalaşnikovdan açılan atəş nəticəsində öldürüldüyü deyilir. Bildirilir ki, "Lotu Quli" və "Dato Ağcəbədinski"nin nəzarətində olan qruplaşmalar arasında uzun müddətdir anlaşmazlıq var. Hadisənin "Natiq Əlibayramlinski"nin telefon vasitəsilə qarşı tərəfin nümayəndəsinə söyüş söyməsi səbəbindən baş verdiyi ehtimal olunur. Şirvan Şəhər Polis İdarəsindən "Natiq Əlibayramlinski"nin öldürülməsi faktını Vesti.az-a təsdiqləyiblər.