Bakıda yeznə qaynını DVD aparatına görə öldürdü
Bakıda qətl hadisə baş verib. APA TV-nin məlumatına görə, yeznə öz qayınını öldürüb. Hadisə Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində baş verib. Əslən Yevlax rayonundan olan 25 yaşlı Vüqar Salmanovla bacısının həyat yoldaşı, 28 yaşlı Əfqan Yusibov arasında DVD aparatı üstündə mübahisə yaranıb. Qohumlar arasında mübahisə davaya çevrilib və Əfqan Yusibov Vüqar Salmanova bıçaqla zərbə endirib. Yaralı ailə üzvlərinin köməkliyi ilə Azərbaycan Dövlət Dəmir Yolunun Mərkəzi dəmiryol xəstəxanasına çatdırılıb. Hakimlərin sözlərinə görə, xəstəxanaya gətirilərkən Vüqar Salmanovda həyat ələmətləri olmayıb.
Qayınını qətlə yetirməkdə şübhəli bilinən Əfqan Yusibov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir. Faktla əlaqədar Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Qohumların disk məsələsi kimi cılız səbəb üzündən niyə mübahisə etdiyi hələlik məlum deyil.