Ukrayna danışıqları: ziddiyyətli xəbərlər
Ötən axşam Minskdə Ukraynanın cənub-şərqindəki münaqişənin nizamlanması üzrə təmas qrupunun toplantısı keçirilib. Görüş vaxtından 3 saat gec - Bakı vaxtı ilə saat 21.00 radələrində başlayıb və bir neçə saat davam edib. APA TV-nin xəbərinə görə, görüş iştirakçıları Belarus prezidentinin keçmiş iqamətgahını tərk etdikdən sonra nəticələrlə bağlı ziddiyyətli məlumatlar yayılıb.
Rusiyanın TASS agentliyinin yaydığı məlumata görə, təmas qrupunun danışıqları zamanı Ukraynanın cənub-şərqində atəşkəsin tətbiq edilməsi, ağır döyüş texnikasının geri çəkilməsi və əldə olunmuş razılaşmanın icrasına nəzarət məsələləri razılaşdırılıb. Tərəflər həmçinin Donbasın gələcək siyasi quruluşu və yerli seçkilərin keçirilməsi məsələlərini müzakirə ediblər.
Lakin "İnterfaks" agentliyi danışıq iştirakçılarına istinadən məlumat yayıb ki, təmas qrupunun toplantısında heç bir razılaşma əldə olunmayıb, danışıqlar isə başa çatmayıb. Sadəcə olaraq, danışıqlarda fasilə elan edilib və görüş bu gün davam etdiriləcək.
Luqansk separatçılarının təmsilçisi Vladislav Deyneqo da RİA "Novosti"yə bildirib ki, Minsk danışıqları bu günə təxirə salınıb, tərəflər məsləhətləşməyə gedib.
Danışıqların nəticəsi və ya nəticəsiz qalması barədə hələlik heç bir rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Ukraynanı danışıqlarda ikinci prezident Leonid Kuçma və ictimai-siyasi xadim Viktor Medvedçuk, Rusiyanı bu ölkənin Kiyevdəki səfiri Mixail Zurabov, separatçıları isə Denis Puşilin və Vladislav Deyneqo təmsil edib.