Obama İŞİD-ə qarşı əməliyyatlara başlamaq üçün Konqresə müraciət edəcək

ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamaq üçün Konqresdən səlahiyyət istəyəcək. APA TV-nin məlumatına görə, prezidentin müvafiq müraciəti yaxın günlərdə Konqresə təqdim edəcəyi gözlənilir. Ağ Evin sözçüsü Coş Ernest keçirdiyi brifinqdə prezidentin bu istəyinə Konqresdəki hər iki partiyadan dəstək alacağı ümidində olduğunu deyib. Onun sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra qəbul olunan qanun prezidentə İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlara başlamaq səlahiyyəti verir. Lakin prezident Konqresin dəstəyini hiss etmək istəyir və ediləcək müraciət həm də qanunverici orqanın Obamanın İŞİD strategiyasına dəstək verdiyini dünyaya nümayiş etdirmək məqsədi daşıyır. Prezidentin Konqresə ünvanlayacağı müraciət həm də hər iki partiyanın maraqlarının təmin edilməsini nəzərdə tutur. Müraciət həftə ərzində Konqresdə təmsil olunan demokratlar və respublikaçıların liderlərinə, həmçinin Nümayəndələr Palatasının müvafiq komitələrinə təqdim olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv