Türkiyə: “Türk axını” layihəsinin icrasına hazırıq
Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım ölkəsinin Rusiya ilə "Türk axını" layihəsinin reallaşdırılması üçün işlərin başlanmasına hazır olduğunu bildirib. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, səfir bildirib ki, bu layihə hər iki tərəf üçün əhəmiyyətli və səmərəlidir: "Bu Avropa üçün də əlverişli layihədir, "Türk axını" enerji resursları ilə təminat baxımından qitə ölkələrini daha da rahatladacaq".
O bildirib ki, ortaq enerji əməkdaşlığı Rusiya və Türkiyə arasında ən əsas məqamdır: "Türkiyə Avropada Almaniyadan sonra Rusiyadan ən çox qaz idxal edən ikinci ölkədir. Bundan başqa biz, Rusiya ilə əməkdaşlıq sayəsində ölkədə ilk atom elektrik stansiyasını inşa edirik. 20 milyard dollarlıq bu layihə bizim qarşılıqlı etibarımızın göstəricisidir və bu, yeni, daha yüksək məbləğli layihələrin həyata keçirilməsi üçün hər iki tərəfə stimul verir".
Ümid Yardım ötən ilin dekabrında Qara dəniz vasitəsi ilə Bolqarıstan və digər Balkan ölkələrini, həmçinin, Macarıstan, Avstriya və İtaliyanı qazla təmin edəcək "Cənub axını" marşrutundan Rusiyanın imtina etməsi məsələsinə də toxunub. Səfir bildirib ki, "Türk axını" marşrutu sayəsində mavi yanacaq Türkiyə vasitəsilə Yunanıstana daxil olub, oradan cənubi Avropa ölkələrinə paylanacaq.