TQDK sədri: "9-11-ci sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayanlar var"
"20 rayonun abituriyentlərinin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub".
APA TV-nin xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2014-cü ilin yekunlarına həsr olunan tədbirdə bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64.7%-i qəbul imtahanlarında 200-dən az bal toplayıb. Abituriyentlərin 64.7 faizi imtahandan “2”, 13.6%-i "3", 15.7%-i "4", 6.0%-i isə "5" qiymət alıb”, 46.9 faizi imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb.
Komissiya rəhbəri bildirib ki, "tələbə-məzun" elektron portalında toplanan məlumatlara əsasən, 23 min tələbə TQDK tərəfindən heç bir ali məktəbə qəbul olunmamış şəxs sayılır: "Həmin şəxslərdən 1500-nün bizim tərəfdən heç bir yerə qəbul olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıb. Bu il magistratura və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb. Onlar müxtəlif yollarla - daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsilə ali məktəblərdə təhsil alıblar. Bundan başqa, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub".
Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında minimal tədris proqramını mənimsəməyənlərin, hətta oxumağı və yazmağı bacarmayanların da aşkarlandığını deyən Komissiya sədri əlavə edib ki, bu fakt imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.
Məsələyə münasibət bildirən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, nazirlik tərəfindən araşdırma aparılacaq.