Obama: “İŞİD-ə qarşı “komandos” qruplarımız döyüşəcək”

ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsi üçün Konqresdən üç illik səlahiyyət istəyib. APA TV-nin məlumatına görə, Obama Konqresə göndərdiyi müraciətdə 2001-ci ildən etibarən dövlət başçısının belə bir səlahiyyətə sahib olduğunu, lakin İŞİD-ə qarşı əməliyyatlarda qanunverici orqanda təmsil olunan partiyaların dəstəyini qazanmaq istədiyini qeyd edib. Prezidentin istədiyi səlahiyyət İraq və Əfqanıstanda olduğu kimi uzun müddətli və geniş tərkibli hərbi kontingentin iştirakı ilə əməliyyatın keçirilməsini nəzərdə tutmur. Obama İŞİD-ə qarşı əməliyyatlarda yerli müxalif qüvvələrdən formalaşdırılacaq silahlı birləşmələrin iştirakına üstünlük verəcəyini bildirib. Müraciətdə yer alan maddələrdə qeyd olunur ki, İŞİD-ə qarşı genişmiqyaslı quru əməliyyatları keçirilməyəcək. Bundan başqa bu terror təşkilatına qarşı istənilən formada əməliyyat İraq və Suriya ilə məhdudlaşmayacaq. Ən nəhayət ABŞ hökuməti əməliyyatlarla bağlı hər altı aydan bir Konqresi məlumatlandıracaq. Obama müraciətində İŞİD-i məhv etmək üçün uzunmüddətli strategiya hazırladığını vurğulayıb və konqresmenlərdən bu müraciəti dəstəkləməyi xahiş edib. O əlavə edib ki, İŞİD qüvvələrini yeri barədə kəşfiyyat məlumatları əldə olunan kimi xüsusi təyinatlılar əməliyyat keçirmək üçün həmin ərazilərə göndəriləcəklər. Respublikaçılar prezidentə əlavə səlahiyyətlər verəcək qanun layihəsini dəstəkləsələr də, Obamanın partiyadaşları müraciətə etiraz ediblər. Onlar hesab edir ki, əməliyyatların coğrafiyasının məlum olmaması və Obamaya veriləcək səlahiyyətin növbəti prezidentin də fəaliyyət dövrünə təsadüf etməsi qeyri-müəyyənlik yaradır. 

Müəllif | Apa.Tv
Apa.tv