Beynəlxalq Valyuta Fondu Ukraynaya 17,5 milyard dollar kredit ayırdı

Minskdə “Normandiya dördülüyü” formatında danışıqların davam etdiyi dövrdə Beynəlxalq Valyuta Fondu Ukrayna ilə kredit danışıqlarının başa çatdığını açıqlayıb. Fondla Ukrayna arasında 17,5 milyard dollarlıq kredit sazişi imzalanıb. APA TV-nin məlumatına görə, kredit dörd il müddətinə veriləcək. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard bildirib ki, Ukrayna hökuməti enerji daşıyıcılarının qiymətini bazar qiymətləri səviyyəsinə qaldırmağa razılıq verib.


Qeyd edək ki, bu, Beynəlxalq Valyuta Fondunun tarixində hansısa ölkənin ümumi daxili məhsuluna nəzərən ayırdığı ən böyük kredit sazişidir. Fond bundan əvvəl Yunanıstan, Portuqaliya və İrlandiyaya da böyük həcmli kreditlər ayırıb, lakin bu ölkələrin ümumi daxili məhsulunun həcmi Ukraynanın ÜDM-dən çoxdur. Ekspertlər kredit ayrılması müqabilində Ukraynanın qarşısına qoyulan şərtlərin ağır olduğunu qeyd edir. Onlar bildirirlər ki, rəsmi Kiyev bu şərtləri yerinə yetirmək üçün ölkədə bahalaşmaya səbəb olacaq addımlar atmalı olacaq.

Müəllif | Apa.Tv
Apa.tv