Ölkədə qeyri-sabit hava şəraiti davam edəcək

Yaxın 2-3 gün ərzində temperatur rejimində ciddi dəyişiklik gözlənilmir, havanın temperaturu 6-9 dərəcə arasında dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, ölkədə hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Fevralın 13-də Bakı və Abşeron yarımadasında fasilərlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz bəzi rayonlarda yağıntıda qısa fasilələr olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Fevralın 14-15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bölgələrdə isə fevralın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, fevralın 15-də isə gündüz əksər rayonlarda əsasən yağmursuz olacağı proqnozlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv