Minsk danışıqları başa çatdı: Tərəflər 15 fevraldan atəşkəs elan etdi

Minskdə Almaniya, Fransa, Ukrayna və Rusiya prezidentlərinin iştirakı ilə “Normandiya dördlüyü” formatında keçirilən danışıqlar başa çatıb. APA TV-nin məlumatına görə, 16 saat davam edən danışıqlardan sonra təmas qrupunun Minsk razılaşmalarının icrasına dair tədbirlər haqqında sənəd imzalanıb. Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyort Poroşenkoya Debalçevo rayonunda vəziyyəti dəyərləndirmək üçün hərbi ekspertlərə göstəriş verəcəyini bildirib və bununla bağlı üzərinə rəsmi öhdəlik götürüb. Danışıqları dəyərləndirən Vladimir Putin bildirib ki, tərəflər fevralın 15-də saat 00.00-dan etibarən atəşin dayandırılması barədə razılıq əldə ediblər. Atəşkəs rejimi qüvvəyə mindikdən dərhal sonra ağır texnika qoşunların təmas xəttindən eyni uzaqlıqda geri çəkiləcək. Ağır texnikanın döyüş bölgəsindən çıxarılması prosesi iki həftə ərzində başa çatmalıdır. Putin münaqişə tərəflərini ən qısa zamanda qan tökməyi dayandırmağa və uzunmüddətli nizamlanma üçün real siyasi prosesə başlamağa çağırıb.

 

Qeyd edək ki, danışıqların gedişini dəyərləndirən Pyotr Poroşenko Rusiyanın Ukrayna qarşısında qəbulolunmaz şərtlər irəli sürdüyünü deyib. Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların yüksək səviyyədə davam etdiyi barədə optimist fikirlər səsləndirib. Səhər saatlarında danışıqlarda fasilə yaranıb, fasilədən sonra dialoq ATƏT-in xüsusi nümayəndəsi Xaydi Talyavininin iştirakı ilə davam etdirilib. 

Müəllif | Apa.Tv
Apa.tv