Ağdam istiqamətində yaxalanan erməni hərbçi barədə həbs-qətimkan tədbiri seçilib

Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olduğu ehtimal edilən, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan hərbi qulluqçuları tərəfindən yaxalanıb, həmin fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Ermənistanda xüsusi təlim keçən A. E. Baqdasaryan Ermənistan tərəfindən qanunsuz olaraq Azərbaycanın işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün 1-ci tağım komandiri vəzifəsində fəaliyyət göstərib.

 

O, birliyin rəhbəri – hərbi hissə komandirindən (adı istintaqa bəllidir) Azərbaycan vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstəriş alıb. Bu məqsədlə qrupun digər üzvləri (onların ad-familiyası istintaqa bəllidir) ilə birlikdə Baqdasaryan qoşunların təmas xəttini gizli keçib, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minadan 3-nü  Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra o, geri qayıtmaq istəyərkən tutulub, minalar isə zərərsizləşdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv