FHN-nin təşkilatçılığı ilə Qəbələdə seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı Qəbələdə zona seminar-müşavirəsi keçirilib. APA TV-nin xəbərinə görə, ölkənin şimal-qərb bölgəsindən 10 şəhər və rayonun icra hakimiyyəti başçıları müavinlərinin, baş memar və hüquqşünasların iştirakı ilə keçirilən seminar-müşavirədə Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar yeni əlavə və dəyişikliklər, onların tətbiqi zamanı yerli icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması kimi məsələlər müzakirə edilib. Dövlət Agentliyinin baş dövlət tikinti müfəttişliyinin sektor müdiri Kərim Ağayev tikintiyə icazənin verilməsi üzrə icraat, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması və obyektlərin sökülməsi, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan digər bölmələr üzrə əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq. Eyni zamanda bildirilib ki, tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yollarına, neft obyektlərinə və yanacaqdoldurma məntəqələrinə uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks təqdirdə, bu tikintilər qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaq.

 

Seminar-müşavirənin sonunda iştirakçılara onlara hüquqi-normativ sənədlər, Məcəllənin tətbiqi ilə bağlı metodiki vəsaitlər paylanılıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov