Əli Həsənov: "Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik”

"Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik”. APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun fikrincə, ayrı ayrı-ayrı ekspertlər, hüquq-müdafiə təşkilatları nələrisə müşahidə edə bilər, amma Azərbaycanla ABŞ arasında əməkdaşlıq davam edir. ABŞ-da Azərbaycanla bağlı müxtəlif dinləmələrin keçirilməsinə münasibət bildirən PA rəsmisi bunun normal olduğunu deyib: “Bizim parlament də, QHT-lər də ABŞ-dakı proseslər barədə dinləmələr keçirir. Lazım olsa, biz də hökumət olaraq keçirə bilərik. Müasir, demokratik, siyasi, plüralist normaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy, ABŞ-da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər. Biz də orda olan prosesləri olduğu kimi təhlil edib, münasibət bildiririk. Sadəcə olaraq, belə müzakirələr keçirməyin prinsipial məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, Azərbaycandakı mövcud vəziyyəti doğrudan bilən insanları da dəvət etmək lazımdır. Müzakirələr birtərəfli yox, neytral qaydada təşkil olunmalıdır”.

 

Əli Həsənov bildirib ki, Azərbaycan Ukraynanın silahlandırılması məsələsinə ehtiyatla yanaşır.

 

Şöbə müdiri onu da əlavə edib ki, Azərbaycanda sifarişlə işləyən QHT-lər var: “Biz QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik. Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla yanaşı, fəaliyyətlərində QHT haqqında qanunvericiliyi rəhbər tutan QHT, eyni zamanda sifarişlə işləyən QHT mövcuddur. Bizim təsnifat bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır”.

 

Şöbə müdiri əfv prosesinə də münasibət bildirərək, bunun davamlı olacağını qeyd edib. 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı